F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2010 » Oktyabr » 25 » Xeyrəddin Qoca: “Yaşadığım ömürlə qürur duya bilərəm”
    1:42 AM
    Xeyrəddin Qoca: “Yaşadığım ömürlə qürur duya bilərəm”
     
     
     
    "HEÇ İNANMAĞIM GƏLMİR Kİ, 60 YAŞA ÇATMIŞAM... AMMA HƏR DƏFƏ ÜRƏK AĞRILARIM TUTANDA HİSS EDİRƏM Kİ, ÖMÜR KEÇİR...”
     
     
     
     
     
    Tanınmış yazıçı Xeyrəddin Qocanın yanvarın 29-da 60 yaşı tamam olur. Ömrünün 60-cı ilini yola salan yazıçıyla söhbətimizi təqdim etməmişdən əvvəl əslində hamıya tanış olan Xeyrəddin Qocanın həyat və fəaliyyətindən bəzi məqamları oxucuların diqqətinə çatdırmağı lazım bilirik. X.Qoca 1950-ci ildə Ağdaş rayonunun Qülbəndə kəndində müəllim ailəsində dünyaya göz açıb. 1967-ci ildə Qəsil kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedoqoji Universitetinə qəbul olunub. Müxtəlif mətbuat orqanlarında müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. 1995-ci ildə millət vəkili seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin martına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində çalışıb. Yazıçı "Filankəslər”, "Hərə öz payını götürsün”, "Marallar”, "Bu dünyadan məktublar...”, "Gərək yazam”, "Hərənin öz payı”, "Pyeslər”, "Bu da belə həyatdır” kitablarının müəllifidir. X.Qoca böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib. "Hərənin öz payı” adlı satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Yazıçının "Qonşulaşma, qohumlaşma, kirvələşmə” pyesi AzTV-nin efirində ekran həyatı tapıb. "Düzü düz, əyrini əyri”, "Bu bizim zamanədir” , "Toy olacaq” pyesləri isə Azərbaycan radiosunda səsləndirilib.

    X.Qoca indiyədək mətbuatdakı xidmətlərinə, səmərəli fəaliyyətinə, vətəndaşlıq mövqeyinə, satira və yumor janrında qələmə aldığı əsərlərinə görə "Qızıl qələm”, "Dan ulduzu”, "Araz” Ali Ədəbi Mükafatına layiq görülüb.

    Yazıçı haqqında professorlar Pənah Xəlilov, Nizami Cəfərov, xalq yazıçısı Anar, xalq şairləri Qabil, Cabir Novruz, Zəlimxan Yaqub, Türkiyənin yazıçıları və alimləri dəyərli fikirlər söyləyiblər. Bugünlərdə akademik İsa Həbibbəylinin mətbuatda çıxan məqaləsində Xeyrəddin Qoca müstəqillik dövründə Azərbaycan satirik nəsrinin görkəmli yaradıcısı və təmsilçisi kimi xarakterizə edilib: "Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq yazıçının satirik nəsrinin ana xətləridir. Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında Əbdürrəhimbəy Haqverdiyevdən sonra müasir həyatın "marallarının” bədii obrazını yaratmağa müvəffəq olub. Onun "cavabları” Molla Nəsrəddinin marallarının davamçıları, xələfləridir. Bütövlükdə Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanıb”.
    Yubilyar yazıçı ilə 60 illiyi ərəfəsində görüşərək, həyat və yaradıcılıqla əlaqədar çeşidli məsələlərə dair onun fikirlərini öyrəndik.


    – Xeyrəddin müəllim, yəqin siz də hədiyyədən xoşlanmamış olmazsınız. Doğum günlərinizdə sizə nə hədiyyə verilməsini istəyərdiniz?

    – İnanmıram ki, hədiyyə almağı sevməyən insan olsun. Ola bilər, qəribə səslənsin, amma mən hədiyyə almaqdan daha çox hədiyyə verməyi, həm də qalıcı əşya bağışlamağı xoşlayıram. Çünki ömür qısadır, istəyirəm kimlərdəsə bir nişanə qalsın, baxanda məni xatırlasınlar. Ucuz-baha, fərqi yoxdur, əsas odur ki, uzun müddət qalan bir şey olsun.
    – Yaş artdıqca insan ötənləri – keçmişi, uşaqlığını, gəncliyini daha tez-tez xatırlayır, deyirlər. 60 illik ömrünüzdən hansı xatirələr bu gün yaddaşınızda daha tez-tez çözələnir?
    – Vallah, hərdən heç inanmağım gəlmir ki, 60 yaşa gəlib çatmışam. Öz-özümə təəccüblənirəm, 60 yaş nə tez gəldi? Bu ömrü nə vaxt yaşadım? Amma hər dəfə ürək ağrılarım tutanda, qan təzyiqim qalxanda hiss edirəm ki, ömür keçir... Məişət qayğıları, həyat ehtiyacları, mübarizələr içində bir də gördüm ki, 60 yaşa çatdım. Keçmişdə 60 yaşlı kişilərin beli bükülərdi, əsa ilə gəzərdi... Doğru deyirlər, insan yaşlaşdıqca tez-tez uşaqlığını, keçmişini xatırlayır. Mən ziyalı ailəsində böyümüşəm. Atam vaxtilə Üzeyir Hacıbəyovla, Səməd Vurğunla və başqa böyük şəxsiyyətlərlə ünsiyyət saxlayıb, münasibətləri olub. O, Azərbaycan ədəbiyyatı və dilini mükəmməl tədris etməklə yanaşı, əməkdar incəsənət xadimi Əhməd Ağdamskidən tar dərsi də alıb, həm də onunla dost olub. İndi mən bu dostluğu onun oğlu, kimya elmləri doktoru Telman Ağdamski ilə davam etdirirəm.
    Atam evdə tez-tez Azərbaycanın görkəmli şəxsiyyətləri, elm və mədəniyyət xadimləri, şair və yazıçıları haqqında danışardı. Onun söhbətlərindən çox şey əxz eləmişəm. Üzeyir Hacıbəyovla bağlı maraqlı bir xatirə yaxşı yadımdadır: Atam konservatoriyada böyük bəstəkara tardan imtahan verib. Adətən imtahan zamanı tələbənin musiqi istedadını yoxlamaq üçün kiçik bir parça ifa etməsi kifayət olur. Ancaq Üzeyir Hacıbəyov onun ifasını sona kimi dinləyib və axırda deyib: "Bu Əhmədin barmaqlarıdır”. Halbuki atam Əhməd Ağdamskinin tələbəsi olduğunu əvvəldən bildirməyibmiş...
    Mən də tar çala bilirəm, amma peşəkar deyiləm – atamdan yadigardır. Bir neçə dəfə televiziya efirlərində "öz məharətimi” göstərmişəm. Gəncliyimdə aktyor olmaq istəsəm də, teatr institutuna qəbul olunmadım. Elə həmin il Pedaqoji Universitetin tələbəsi oldum.
    1968-ci ildə qəzetdə ilk yazım dərc olunub. Beləliklə, jurnalistlik fəaliyyətinə başlamışam. Sonralar müxtəlif qəzet-jurnal redaksiyalarında işlədim. "Dan ulduzu” və "Yeni Azərbaycan” qəzetlərinin ilk saylarından baş redaktor oldum. Jurnalistliklə yanaşı, bədii əsərlər də yazırdım. Deyilənə görə, indi yazıçıyam... Xarakter etibarilə azad insanam. Həmişə daxili azadlığımı hər şeydən üstün tuturam. Bu xüsusiyyət mənə çox bədxahlar qazandırıb. Doğrudur, onlar açıq-aşkar mənə qarşı çıxa bilməyiblər, amma gizlində istədiklərini həyata keçirməyə çalışıblar. Ancaq belələri nə qədər canfəşanlıq etsələr də, məni xalqın, dövlətin və ölkə rəhbərliyinin gözündən salmağı bacarmayıblar. Hamı bilir ki, bir vaxtlar Azərbaycanın və Rusiyanın kommunist mətbuatı Heydər Əliyevin əleyhinə böhtanlar, iftiralar yağdıranda mən onun müdafiəsinə qalxmışam. Heydər Əliyevi həqiqətən sevmişəm, şəxsiyyətinə böyük hörmət bəsləmişəm. İnsanlar bəzən yaltaqlıqla hörməti qarışdırırlar. 1989-cu ilin sonlarından başlayaraq bu Böyük İnsan haqqında həqiqətləri yazdığım üçün dörd dəfə işdən uzaqlaşdırılmışam. Amma heç vaxt ideallarımdan və əqidəmdən dönməmişəm. Heydər Əliyev də mənim bu xüsusiyyətimi həmişə yüksək qiymətləndirirdi. Sonralar bu diqqət və qayğını Azərbaycan prezidenti cənab İlham Əliyevdən gördüm. Heydər Əliyevin rəhbərliyi dövründə millət vəkili seçilmişəm, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu olmuşam. Əgər Heydər Əliyevin köməyi olmasaydı, Londonda ürəyimdən əməliyyat oluna bilməzdim. Bəlkə də indi həyatda yox idim. Cənab İlham Əliyev isə mənə mənzil verdi, prezidentin fərdi təqaüdünə layiq gördü...

    – Yüz illərdir ki, bu millətin öndə gedənləri yazır, amma "dünya düzəlmir ki, düzəlmir...”

    – Yarızarafat-yarıciddi yazmışam ki, Cəlil Məmmədquluzadədən bəri bizim ancaq kostyumumuz dəyişib. Nöqsanlar, çatışmazlıqlar, eybəcərliklər həmin dövrdəki kimi qalıb. Bəlkə bir az da artıb. Bir dəfə bu haqda akademik Bəkir Nəbiyevin fikrini bilmək istədim, cavab verdi ki, eyiblərimiz daha da təkmilləşib. Bu millətin dərdlərini yazmağa yüz Mirzə Cəlil bəs eləməz... Lakin yazıçı sadəcə əlini-qolunu sallayıb oturmamalı, naqisliklərə göz yummamalıdır. Cəmiyyətdəki nöqsanları, çatışmazlıqları yazmaq yazıçının işidir. Söhbət bütün cəmiyyətlərdə mövcud olan insani eybəcərliklərdən, nöqsanlardan, çatışmazlıqlardan gedir. Mən hekayələrimdə heç kimin adını çəkmirəm, cəmiyyətdəki ümumi bəlalardan yazıram. Ad çəkməsəm də, bəziləri yazılarımda özlərini görürlər və nəticədə bədxahlar çoxalır. Bütün bunlara rəğmən həmişə millətin gələcəyinə nikbin baxıram. Millət alidir, hər şeydən yüksəkdə dayanır. Xalqın içərisində çox ləyaqətli insanlar görürəm, yüksək səviyyəli siyasətçilər, dövlət adamları var, bütövlükdə millətin içərisində işıq var. Bizə o işıq lazımdır.

    – Deməli, bu qədər problem sizi nikbin olmaqdan çəkindirə bilmir. Bu optimizmi necə qoruyub saxlayırsınız?

    – Başqalarına nikbin təsir bağışlasam da, əslində hər dərdi ürəyimdə çəkirəm. İnsanları çox sevirəm. Mənim tənqidim də insanlara olan hədsiz sevgimdən irəli gəlir. İstəyirəm ki, cəmiyyətimizdə nöqsansız, eyibsiz insanlar çox olsun. Onu da deyim ki, kövrək, hissiyatlı adamam. Məsələn, "Segah” muğamını dinləyərkən hönkür-hönkür ağlaya bilərəm. Heç vaxt satiralarımı gülüş naminə yazmıram. Ona görə yazıram ki, yazmaya bilmirəm. Qeyd edim ki, Azərbaycanda çox şeyləri bayağılaşdırıb şouya, lağlağıya çeviriblər. Hətta Cəlil Məmmədquluzadənin əsərlərini də gülünc vəziyyətdə ifa etməyə can atırlar. Bizim ən çatışmayan cəhətlərimizdən biri böyük şəxsiyyətlərimizə dəyər verə bilməməyimizdir. Baxın, dahi Cəlil Məmmədquluzadəni cəmi yeddi nəfər torpağa tapşırıb! Haqqında yazılan nekroloqda da tənqidi fikirlər yer alıb. Biz Müşfiqin güllələnməsinə, Cavidin sürgünə göndərilməsinə, Salman Mümtazın tamamilə yandırılmasına imkan vermişik. Hadinin başına nələr gətirilib? Ürəyimdə hələ yazılmamış, deyilməmiş çox sözüm var. Altmış illik ömrümdə onların heç mində birini deməmişəm, yazmamışam.

    – Qələminizi özünüzə tərəf çevirməyi bacarırsınızmı? Özünüzə də tənqidi yanaşırsınızmı?

    – Bəzən özümə qarşı çox qəddar oluram. Düşünürəm, boş vaxtım çox keçib, təəssüf edirəm ki, həmin vaxtdan lazımınca istifadə edə bilməmişəm. Lakin düşünürəm ki, özümdən razı qalmaq üçün də səbəblər var; Mənə görə ailə hər şeydən üstündür. Bütün həyatımı ailəmə həsr etmişəm – üç övlad böyütmüşük, onlara ali təhsil vermişik, ev-eşik eləmişik. Deyirlər, mənim kimiləri cənnətə gedir... Sadə insanam, şəxsiyyətimi hər şeydən üstün tuturam. Hiss edirəm ki, insanlar da mənə hörmətlə yanaşırlar. Həqiqəti sevən insanlar məni qiymətləndirirlər. Ömrüm boyu şərəfimi qorumuşam. Xalq şairi Fikrət Qocayla söhbətlərimiz zamanı bildirdim ki, indiki zəmanədə şərəfi qorumaq çox çətindir. Fikrət müəllim də cavab verdi ki, elə ən çətini odur. Bunu eləyə bilmişəmsə, deməli, yaşadığım ömürlə qürur duya bilərəm.
     

    Sevinc MÜRVƏTQIZI
    525-ci qəzet 
    Category: Şəxsiyyət | Views: 2528 | Added by: LaZa | Tags: “Toy olacaq” pyesləri isə Azərbayca | Rating: 4.7/3
    Total comments: 2
    +1  
    2 $Ad$   (2010-10-26 0:02 AM) [Daxil]
    MEn Xeyreddin Qocani televiziya ekranlarindan taniyiram. Cox edaletli ve durust insandir. Haqqi nahaqdan secmeyi bacarir. Omrun uzun olsun, Xeyreddin muellim

    0  
    1 $Nik$   (2010-10-25 11:02 PM) [Daxil]
    Xeyreddin Qoca xalqimizin maarifperver ziyalilarindandir. Ve heyatda qetiyyetli adamdir : Vaxtile 1990-ci ilde minlerle vezifeli ve pullu adamlar Heyder Aliyevi haqsiz tenqid edende ,o , vari-dovleti olan bir yazici-jurnalist qelemi ile Azebaycan xalqinin Boyuk oglu -Heyder Aliyevi mudafie edib meqale yazib ve onu - 3 ushaq atasini bu yaziya gore ishden cixariblar .

    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  Oktyabr 2010  »
    BazarBeÇaÇerCaCŞn
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31

    Arxiv

    Dostlarımız