Nərgiz Paşayeva-"Yazıçı və zaman". Mir Cəlal - 100 - 15 October 2010 - Azərbaycan milli internet məkanı
F U L L

    Our poll

    Rate my site
    Total of answers: 29

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2010 » Oktyabr » 15 » Nərgiz Paşayeva-"Yazıçı və zaman". Mir Cəlal - 100
    0:36 AM
    Nərgiz Paşayeva-"Yazıçı və zaman". Mir Cəlal - 100
          XX əsr uzaq qədimlərdən başlanan ümumazərbaycan tarixinin və mədəniyyətinin məhz Azərbaycan mahiyyətini müəyyənləşdirən çox mühüm və möhtəşəm bir dövrdür. Tarixən humanist ideallarla zəngin olan Azərbaycan ədəbiyyatı XX əsrin əvvəllərindən yeni təkamül mərhələsinə qədəm qoydu. 1900-1920-ci illər Azərbaycan xalqının həyatında sözün əsl mənasında milli intibah dövrü kimi səciyyələndirilir. Elə bu zaman böyük milli idealların bədii təcəssümünə və ümumən mədəniyyətin vüsətli inkişafına münbit zəmin yarandı. Ədəbiyyat, musiqi, teatr, publisistika, naşirlik, cəmi 15-20 il ərzində zənginlik baxımından bir əsrə bərabər inkişaf yolunu keçdi.

          Bu inkişaf ictimai-tarixi, siyasi, psixoloji, sosial-mədəni təzadlar və dəyişikliklər üzərində yarandı. Avropadan və Rusiyadan gələn, sənətə və ədəbiyyata təkanverici qüvvə kimi müəyyənləşən mədəni yeniliklər, maarifçilik ideyaları, həmçinin neft sənayesinin uğurları ilə bağlı olan iqtisadi dirçəliş də XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrində böyük sıçrayışa, inkişafa şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Azərbaycan ədəbiyyatı və mədəniyyəti dünya ədəbiyyatı və mədəniyyəti sırasında layiqli yerini tapmağa tam qadir idi. Lakin məlum səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Yeni sosial-iqtisadi quruluş, yeni ictimai münasibətlər formalaşdı və sosializm diktaturası "mədəni inqilab" proqramı elan etdi. Məhz bu dövrdə sonralar Azərbaycan sovet ədəbiyyatının baniləri sayılan cavan yazıçılar və şairlər nəsli yetişirdi. Bu böyük nəslə mənsub olanlardan biri də Mir Cəlal Əli oğlu Paşayev idi.
           M.Paşayev 1908-ci ildə Cənubi Azərbaycanda doğulmuşdu. O, Əndəbil kəndinin ən möhtərəm və hörmətli sakini olan Mir Paşa bəyin nəvəsi idi. Atası Mir Əli Mir Əşrəfi - çoxlu mülkiyyət sahibi olduğundan böyük oğullarına, Mir Cəlalın özündən böyük dörd qardaşına Əndəbil kəndinin işlərini idarə etməyi tapşırardı. O, ən kiçik, beşinci oğlu Mir Cəlalı isə bu işlərdən uzaqlaşdırıb təhsil dalınca Şimali Azərbaycana, Gəncəyə gətirir. Burada acı tale kiçik yaşlı Mir Cəlalı erkən atasız qoyur. Vəfat etməmişdən bir qədər əvvəl Mir Əli böyük oğullarına kiçik Mir Cəlalı tapşıraraq deyir: "Bu uşağı oxudun, onun mükəmməl təhsili olsun". Beləliklə, Mir Cəlal Gəncə şəhərində qalıb təhsilini davam etdirir, uşaqlıq və gənclik illərini burada keçirir.
         Çoxəsrlik ədəbi ənənələri olan Gəncədə o zaman beynəlmiləl tərkibli seminariya, şəhər teatrı, sənət texnikumu, sanballı kitabxana, gözəl mətbəə, "Qızıl qələmlər" Cəmiyyətinin Gəncə filialı fəaliyyət göstərir, "Qızıl Gəncə" jurnalı çap olunurdu. S.Vurğun, H.Araslı, N.Rəfibəyli, Əli Razi, Əli Məhzun, Mikayıl Rzaquluzadə kimi gələcəyin görkəmli şəxsiyyətləri orada keçirilən ədəbiyyat tədbirlərinin təşkilatçıları və fəal iştirakçıları idilər. Uşaqlıq və gənclik illərini belə bir mühitdə keçirən Mir Cəlalın yazıçı taleyi onu lazımi vaxtda lazımi yerə gətirmişdi.
           Görünür, Mir Əlinin öz oğlunu məhz Gəncə şəhərinə gətirməyi təsadüfi deyildi. Aydındır ki, İranda mülkiyyət sahibi olan Mir Əli Paşayev o taydan bu taya qazanc və çörək dalınca yox, Mir Cəlala doğma dilində təhsil vermək arzusu ilə gəlmişdir. O, bilmirdi ki, oğlu - balaca Mir Cəlal onun bu son arzusunu, istəyini həyata keçirməklə kifayətlənməyəcək, artıq dərəcədə ümidləri doğruldaraq mənsub olduğu xalqın mənəvi dəyərlərinin daşıyıcısına və qoruyucusuna çevriləcək, böyük yazıçı, alim və böyük insan adını qazanacaqdır. Gəncə mühiti həm də müəllimlik peşəsinin müstəsna rolunu Mir Cəlalın gələcək həyatında və yaradıcılığında bu zamandan etibarən sona qədər müəyyən etdi. Beləliklə, bu mərhələdə zaman və məkan amilləri öz işini görmüş oldu.
           Bədii sənətin inkişafında zaman faktoru və mövcud mühit çox mühüm rol oynayır. Sovet hökuməti qurulduqdan sonra "fəhlə-kəndli-əməkçi" birliyi o dövr ədəbiyyatının başlıca mövzularından birinə çevrilir. Azərbaycan yazıçıları da ideoloji sifariş olan bu mövzuları bu və ya digər dərəcədə öz yaradıcılıqlarında əks etdirməli idilər. Bunun nəticəsi olaraq bədii əsərlərdə mövzunun aktuallığı birinci dərəcəli, məzmun rəngarəngliyi, sənətkarlıq, bədiilik kimi mühüm estetik meyarlar isə bir növ ikinci dərəcəli məsələlər sayılır, insan şəxsiyyətinin əsl mahiyyəti və onun bədii ifadəsi çox vaxt arxa planda qalırdı. Professor Mir Cəlal hələ o zaman diqqəti bu məsələyə cəlb edərək yazırdı: "Bir çox əsərlərimizdə təsvir olunan adamlar real, təbii çıxmır. Nə üçün? Ona görə ki, yazıçı onları maraqlı, mürəkkəb həyatı olan canlı adamlar kimi yox, ancaq bir peşə sahibi kimi, sədr, katib, traktorçu, buruq ustası, müəllim və sair kimi təsvir edir. Meşin pencəyi əynindən çıxaran raykom katibi öz obrazını itirmiş olur".
           Bu dövrdə içində anlamaq dərdi yaşayan S.Vurğun, Mir Cəlal, S.Rüstəm, Mehdi Hüseyn, Süleyman Rəhimov, Rəsul Rza kimi sənətkarlar kor-koranə ideoloji tabeçiliyi insan təbiətinə, azad və həqiqi sənət qanunlarına tamamilə zidd olan qaçılmaz ağır zərurət kimi qiymətləndirirdilər. Nə yaxşı ki, bu tabeçiliklə yanaşı onlar həm də öz dünya duyumuna, təxəyyülünə, istedadına, vətəndaş mövqeyinə, fikirlərinin və qənaətlərinin bilavasitəliyinə tabe idilər. Çünki onlar əsl sənət adamları idi. Sosializm realizmi metodunun banisi sayılan Maksim Qorki yüksək sənəti hətta despotik rejimdə belə istedadın gücü ilə yaranan gözəllik adlandırırdı. Qorkinin bu fikri ən azından ədəbi-estetik düşüncənin, mövcud ideologiyanın nəsihət və dərslərindən boyun qaçırmaq cəhdlərindən xəbər verirdi. Lakin dözmək və susmaq gərək idi. Ötən əsrin 30-cu illərinin repressiyaları, o amansız və dəhşətli illər ədəbi və çox vaxt insani prinsiplərin ancaq insan və həyatı bahasına mümkünlüyünü həmişəlik o nəslin hafizəsinə və beyninə həkk etmişdi. Belə ki, Mir Cəlal hekayələrinin birində yazır: "Qışqırıram ki, xəyal uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.
              Heyhat! Unutmaq nə böyük nemət, nə yüksək istedad imiş. Tale məni bundan məhrum etmişdir".
            "Kölgədə bitən ağacın kölgəsi olmaz" fikrini sənət devizi seçən Mir Cəlal böyük fikirlərin lakonik bədii təcəssümünə meydan açan hekayə janrına xüsusi maraq göstərir. Bu hekayələrdə ədibin şəxsi müşahidələri, tükənməz vətənsevərlik, psixoloji hal-vəziyyət, dərin lirizm çox qabarıq şəikldə nəzərə çarpır. "Gölgəsiz ağac" dedikdə isə bu hekayələrdə qələmə aldığı bir çox yazıq, həm də çox hiyləgər və riyakar təbiətli insan obrazlarını nəzərdə tuturdu.
            Məlumdur ki, Mir Cəlal böyük gülüş ustadları C.Məmmədquluzadə və Ə.Haqverdiyevin layiqli davamçısı olaraq Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmışdır. Lakin Mir Cəlalın, necə deyərlər, öz gülüşü vardır. Bu gülüş ilk növbədə Mir Cəlalın bənzərsiz fərdi təbiəti, şəxsi xarakteri ilə əlaqədardır, onun təzahürüdür. Bu gülüşdə Mir Cəlalın ədibliyi də, alimliyi də, müəllimliyi də "iştirak edir". Yəni, o, bəzən bir yazıçı kimi oxucularını həyatın qüsurlarından, eybəcərliklərindən uzaq olmağa çağırır, bəzən alim müdrikliyi ilə həyatın həqiqət yolunu nişan verir, bəzən də müəllim təmkini ilə nəsihətlərini çatdırmış olur. Təsadüfi deyildir ki, Mir Cəlal yaradıcılığında son dərəcədə səmimi, müdrik yumor aparıcıdır, əsasdır. Yumorlu kinayələrinin isə misli yoxdur! Əsərlərdəki ideyanın, əsas mətləbin məğzi, mahiyyəti çox vaxt elə bu kinayələrdə açılır, aşkar olur. 1964-cü ildə qələmə aldığı "Hərənin öz işi var" hekayəsindən bir parçaya diqqət edək:
            "Günah bizim rayon ispolkumunda oldu. Elə ki, Əhmədovun hər yerdə adı hörmətlə çəkildi, ispolkom da hər işi onunla, ancaq onunla məsləhətləşəmyə başladı…
      …Şair füzuliyə rayon mərkəzində heykəl qoyulurdu. Bizim rayonda bu layihənin müzakirəsi keçəndə ispolkom birinci Mədəd Əhmədovu çağırdı:
    - Yoldaş Mədəd, nə deyirsən, füzulinin başında papaq olsa yaxşıdır, ya olmasa? Heykəltəraşlara göstərin, qoy işləsinlər…
    Mədəd Əhmədov da o yan-bu yana baxıb dedi:
    - İstidir, papaqsız yaxşı olar…"
         Başqa bir hekayəsində ədib yazıçılığı asan bilib özünə mütləq peşə kimi seçən istedadsız müəllifdən və o dövr ədəbi tənqidinin gülüş doğuran xüsusiyyətlərindən danışır. "Keçiyev dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o yorulmadı… Birinci yazısı aşpazdan şikayət oldu. Görünür aşpaz onun iştahasının tələblərini ödəyə bilmir, yaradıcılığına mane olurdu. Bu gənc nasirin şikayətini nəzərə alıb aşpazın məsələsinə baxanda, yazıçının özünün aşpazlıq işindəki məharəti meydana çıxdı… O gündən bəri sanatoriyanın xörəkləri Həpirin zövqündən, Həpirin hekayələri də mətbəx səliqəsindən kamilləşirdi.
         Bütün bunların nəticəsində mətbəx işləri ilə ədəbiyyat işlərinin vəhdəti möhkəmləndi. Həpirin təcrübəsindən bəziləri istifadə etməyə, ədəbiyyatı zənginləşdirməyə başladılar".
    Lakin onu da qeyd etməliyik ki, Mir Cəlal lirik-romantik, lirik-psixoloji, lirik-dramatik hekayənin də böyük ustası idi. Buna misal olaraq "Niyə ovdan ayaq çəkdim", "Radio qabağında", "Baldan əvvəl", "Ata", "Gülbəsləyən qız", "Çıraqlar yandı", "Titrək bir səs" və başqa hekayələrin adını çəkə bilərik.
          40-cı illər nəsrində başlıca mövzular Böyük Vətən müharibəsi ilə əlaqədar idi. Mir Cəlalın 1942-ci ildə yazdığı "Odlu mahnılar" hekayəsi Azərbaycan ədəbiyyatında müharibənin dəhşətlərini əks etdirən ən dəyərli əsərlərdən biri kimi qiymətləndirilə bilər.
           Yazıçı bütün yaradıcılığı boyu 300-ə yaxın hekayə qələmə almışdır. Bu hekayələrdə o, 20-ci illərin axırlarında rayondan köçüb Bakıda, Kiçik Qala küçəsi 16 nömrəli evdə yaşadığı vaxtdan ömrünün sonuna qədər həyatının müxtəlif mərhələlərində rast gəldiyi insan xarakterlərinin, üzləşdiyi həyat hadisələrinin, təzadlı və mürəkkəb gerçəkliyin dolğun bədii təsvirini vermişdir.
            Bu əsərlərdə zaman və məkan obrazı aydın nəzərə çarpır. Bakı şəhəri və onun saiknləri, şəhər ab-havası, insani münasibətlər, bu münasibətlərdə zamanın tələbindən, obyektiv şəraitdən gələn həm mənfi, həm müsbət olan çalarlar, dünəni bu günə bağlayan həyat sürəti, siyasi-ictimai quruluşun olduğundan daha gözəl və üstün görünmək təşnəsi və cəhdləri özünəməxsus, maraqlı detalları ilə Mir Cəlal nəsrində yüksək bədiiliklə ifadə olunmuşdur. Bu isə bir epoxanın, bir dövrün bədii portreti idi.
           Bədii ədəbiyyatın ən mükəmməl və mürəkkəb janrlarından olan roman janrında da Mir Cəlal böyük uğurlar qazanmışdır. Mir Cəlal altı romanın müəllifidir. Bunlar "Dirilən adam , "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşıdlar", "Təzə şəhər", "Yolumuz hayanadır" əsərləridir. Gənc ikən qələmə aldığı ilk "Dirilən adam" romanı yazıçının təkcə hekayələr deyil, həmçinin roman yaratmaq qabiliyyətini və məharətini də sübut etdi. Dediyimiz kimi sənətin inkişafında zaman faktoru mühüm rol oynayır. Lakin sənətin özünün də tarixin hər hansı bir məqamında zamanla nə dərəcədə səsləşib-səsləşməyəcəyi zərurəti var. "Dirilən adam"ın yazıldığı dövr ədəbiyyatı üçün (unutmayaq ki, söhbət 30-cu illərdən gedir) tənqidolunmaz, toxunulmaz mövzular, obrazlar və bunun əksi olaraq mütləq təbliğ və təsdiq edilən mövzular və obrazlar sistemi mövcud idi. Sovet ədəbiyyatının bir çox dövrləri üçün klişe olaraq şablon vahid qəhrəman tipi müəyyən edilmişdi. Bu sosializmin təntənəsini ifadə edən müsbət qəhrəman obrazı idi. Ümumittifaq sosialist ruhlu, partiyalı ədəbiyyata qovuşmaq Azərbaycan yazıçılarının mənəvi və professional borcu kimi təqdim olunurdu. Azərbaycan ədəbiyyatı da SSRİ civarlarında baş verən "gözəl və müasir" həyatı tərənnüm etməli, müasir mövzuları əsas götürməli idi. Lakin o dövr sovet ədəbiyyatını və həmçinin Azərbaycan ədəbiyyatını bütövlükdə ancaq bu tipli ədəbiyyatdan ibarət hesab etmək heç də düzgün olmazdı. Çünki o vaxt əsl ədəbiyyatı və sənəti yaratmaq və yaşatmaq istedadına malik olan yazıçılar, şairlər Azərbaycan ədəbiyyatı tarixini zənginləşdirən bədii əsərlər yaradırdılar. Mir Cəlalın da elə ilk romanında sevdiyi mövzu, toxunduğu problem, ifadə etdiyi bədii-estetik fikir və qənaətləri konyunkturaya yox, əsl ədəbiyyata köklənmişdi. İndiki zaman prizmasından adi və təbii görünən bu mövqe o dövr ədəbiyyatı üçün heç də adi və ən başlıcası isə təqdir olunan hal deyildi. Mir Cəlal yazdığı bütün romanlarda bu prinsipə sadiq qalmışdır.
           Sovet dövrü ədəbiyyatımızın bir çox əsərlərində zaman və məkan konteksti müxtəlif taleli xoşbəxt və bədbəxt insanların qüdrətli, canlı, cazibədar obrazlarını yaratmaq üçün, onların psixoloji təbəddülatlarını, səadət və faciə yaşantılarını təhlil etmək üçün əslində bir növ bədii zəmin, şərti fon, vasitə mövqeyində görünə bilər. Dünya klassikasının ən məşhur bədii qəhrəmanları göstərildiyi ictimai mühitin, tarixin, hətta zəmanələrinin ən güclü ideologiyalarını belə adlayaraq ümumbəşəri, ümumtarixi "status" qazanmışlar. Bu əsərləri yaşadan nə oradakı həmin vaxtların "qabaqcıl" ideologiyasıdır, nə mühitin diktə etdiyi metod və metodologiyadır, nə də etnoqrafik təfərrüatlardır. Onları yaşadan və yaşadacaq əsas amil oradakı əsl sənət qüdrətilə canlandırılmış insan xarakterləri və taleləridir! Bu gün Mir Cəlal əsərlərini müasir oxucular üçün müasir edən də elə budur.
            Tək ədəbiyyatın deyil, elmin də elə sahələri var ki, orada ictimai məzmun və bu məzmunun bilavasitə zamanla bağlılığı çox aşkar və inkaredilməz olur. Mir Cəlalın sözləri ilə desək "zamana boyun əymək" meyli ədəbiyyatşünaslıq elminə də yad olmamış və sovet ədəbiyyatşünaslığını bütövlükdə götürsək, bu cəhətin mənfi təsirini etiraf etmək məcburiyyətindəyik. Lakin elə elmi əsərlər də yaranmışdır ki, onların uğurlu taleyi ilk gündən müəyyənləşmişdir. Buna ən başlıca səbəb o idi ki, dövründən və zamanından asılı olmayaraq müəllif sözü, fikri, nəzəri qənaətləri, elmi nəticələri yarandığı vaxtdan bu günə kimi orijinallığını, elmi dürüstlüyünü və dəyərini qoruyub saxlaya bilmişdir.
            Mir Cəlalın yüksək professionallığa malik alim qələminin məhsulu olan "Azərbaycanda ədəbi məktəblər" monoqrafiyası XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixi, mədəniyyəti, elmi, ictimai həyatı haqqında ən sanballı elmi əsərdir. Bu kitab o dövrün ədəbiyyatının tək faktoloji icmalı yox, həm də bədii-estetik, ideya-estetik ictimai prinsiplərinin və ideallarının sistemli şəkildə elmi-nəzəri təhlili kimi çox qiymətlidir.
             Mir Cəlal firidun bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri, professional Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin ilk yaradıcısıdır. O, ədəbiyyat nəzəriyyəsinin əsaslarının və mühüm mərhələlərinin elmi izahını və təsnifatını verən ilk ədəbiyyatşünas alimdir. Mir Cəlalın elmi əsərləri təsviri məzmun daşımır. Onlar dərin, mükəmməl, nəzəri təhlil xarakterlidir, həm də lakonik, aydın və sadə üslubda yazılmışdır. Qəliz izahlar, ağır, pafoslu cümlələr, dolaşıq mülahizələr Mir Cəlal elminə yaddır. Bu isə gözəl bir ədəbi nümunə, sadəlik və müdrikliyin vəhdəti demək idi. fikrimizcə, bugünkü ədəbiyyatşünaslıq üçün bu cəhət də bir örnək ola bilər.
            Altı elmi monoqrafiyanın müəllifi olan Mir Cəlalın alim kimi əvəzsiz xidmətlərindən bəhs etdikdə iki əsas məqamı qeyd etməliyik. Məhz Mir Cəlal 1940-cı ildə füzulişünaslığın təməlini qoydu, ilk dəfə füzuli yaradıcılığının elmi-nəzəri şərhini verdi. Bu əsəri ədibin böyük ustada - Hüseyn Cavidə olan ithafı da adlandırmaq olar. Maraqlıdır ki, Mir Cəlalın ilk elmi yazısı da məhz romantizmdən bəhs edir. İiknci məqam Mirzə Cəlil yaradıcılığı ilə bağlıdır. "Sizi deyib gəlmişəm, ey müsəlman qardaşlarım” - çağıran Mirzə Cəlili Yaxın Şərqə tanıtmağı Mir Cəlal özünə borc bilirdi. Mirzə Cəlil yaradıcılığından bəhrələnmək isə onda daxili bir tələb idi. O, ömrünün son günlərinə qədər, ümumiyyətlə, ədəbiyyatdan söz düşəndə qarşısındakına ancaq bir sual verirdi: Mirzə Cəlili oxumusan, ya yox?
           Məlumdur ki, böyük və qızıl dövrləri bir hadisə və yaxud bir insan deyil, məhz kompleks şəkildə yaranan mədəni hadisələr və böyük şəxsiyyətlər toplusu meydana gətirir. Mir Cəlal Paşayev də XX əsr Azərbaycan tarixinin böyük və zirvə şəxsiyyətlərindən biridir.
            100 il bundan əvvəl dünyaya göz açmış Mir Cəlalın bütün ömrü boyu gizlətməyə məcbur olduğu əsli onun nəcabətindən görünürdü. Bu gün yazıçı, alim, müəllim, böyük insan qarşısında mənəvi borc kimi etiraf edəcəyimiz bir acı həqiqət də ondan ibarətdir ki, Mir Cəlal müəllim sağlığında öz haqqını almamış, bir çox məqamlarda və şəraitlərdə öz prinsipiallığı və dönməz əqidəsi bahasına tam layiq olduğu adlardan, titullardan qəsdən məhrum edilmişdir. Amma o dövrdə bunu edənlərin, Mir Cəlalı kiçiltmək istəyənlərin və ömürlərində rəsmi partiya sənədlərindən savayı bir şey oxumayan yüksək rütbəli məmurların heç xəbəri belə yox idi ki, Mir Cəlal əsərlərinin birinə belə bir epiqraf yazmışdı: "Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər".
             Mir Cəlal heç vaxt olduğu yüksəklikdən enib, haqqı da olsa, heç kəsdən heç nəyi tələb etmədi. Çünki o, yaxşı bilirdi ki, əsl yüksəklik kağızların, sənədlərin, möhürlərin, qərarların, iclasların hökmü ilə deyil, ləyaqətli insan ömrü və bu ömrün zamandan-zamana təsdiqi və təntənəsi ilə ölçülür. O da sirr deyil ki, daxilində bir ilahi qığılcım yaşayan hər bir yazıçı, alim, ümumiyyətlə, hər bir istedad zaman çərçivəsini yararaq əbədiyyətə qovuşur. Beləliklə, yazıçı və zaman qarşıdurması həmişə olduğu kimi, bu dəfə də yazıçı qalibiyyəti ilə nəticələnir. Bu qalibiyyətin mənəvi tutumu bu gün 100 illiyini qeyd etdiyimiz Mir Cəlalın həyatı və yaradıcılığı, fiziki inikası isə onun qohumları, tələbələri, saysız-hesabsız oxucuları və nəvələrindən ən gözəli, ən yaraşıqlısı olan Mir Cəlal Aqil oğlu Paşayevdir.
     

    Nərgiz Paşayeva
    filologiya elmləri doktoru, professor
    Category: Məqalə | Views: 1398 | Added by: LaZa | Tags: əsl yüksəklik kağızların, yaxşı bilirdi ki, Mir Cəlal heç vaxt olduğu yüksəklik, sən, heç kəsdən heç nəyi tələb etmədi. Ç, haqqı da olsa | Rating: 4.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  Oktyabr 2010  »
    BazarBeÇaÇerCaCŞn
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31

    Arxiv

    Dostlarımız