F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » YADDAŞ

    MANNA
    2010-10-11, 10:37 PM

    Manna qalaları

    Manna dövləti ərazisində müxtəlif yaşayış yerlərində arxeoloji qazıntılar aparılmış və müxtəlif qala - şəhərlər aşkarlanmışdır. Bu tipli yaşayış məskənləri ən çox Qərbi Azərbaycanda tədqiq olunmuşdur. Burada Urartu memarlıq cizgiləri ilə səciyyələnən qara vulkan daşından tikilmiş dördbucaqlı tikili olan Siyahtəpə qalası aşkar edilmişdir.

    Yaxınlıqda isə Oğluqala adlı qala yerləşir. Urmiya gölünün sağ sahilində Kazımbaşı təpəsindəki xarabalıqda da qala divarlarının qalıqları aşkar edilmişdir. Mərənddən 19 km Şimal - Qərbdə, Livar təpəsində qala divarlarının qalıqları aşkar edilmişdir. Güclü yanğın izləri qalmış evlər yonulmamış daşlardan hörülmüşdür. Küncləri bürclü və geniş meydançalı qala divarlarının bir hissəsi saxlanılmışdır. Qazıntılar nəticəsində çoxlu Urartu keramikası (e.ə.VIII əsrədək) üzə çıxarılmışdır. V.Klayss gümün edir ki, Livar qalasının mövcudluğu Urartu dövründə Mərənd düzənliyinin sıx məskunlaşdığını göstərir və çox güman ki, II Sarqonun yürüş yolu bu vadidən keçmişdir.

    Araz çayı vadisində Türkiyə - Azərbaycan - İran sərhədlərinin qovşağında Qala Sərənc adlanan qala aşkar edilmişdir. Müdafiə divarları Qərb tərəfdə yaxın, Şərq tərəfdə isə seyrək yerləşdirilmiş bürclərə malikdir. Uşpu - Nəgadehdən 8 km Şimal - Şərqdə keramika tapıntılarına görə Urartu dövrünə aid edilən istehkamın qalıqları aşkar edilmişdir. İstehkamın divarları yonulmamış sal daşlardan tikilmişdir. İndi bürc çıxıntıları gözə dəymir. Bu tikili çox gümün ki, Uşnu vadisindən Urmiya düzənliyinə gedən yol üzərində keşikçi istehkamı olmuşdur.

    Uşnudan 15 km Şərqdə çox böyük və dik bir təpədə qalatgah xarabalıqları yerləşir. Bəzi yerlərdə yaxşı yonulmuş sal daşlardan tikilmiş müdafiə divarları qalmışdır. Təpənin ən yüksək nöqtəsindən bütün Uşnu vadisi və Sulduz vadisinin bir hissəsi görünür.Qalatgah tapıntıları Həsənli III dövrünə uyğun gəlir. Keramika Həsənli və Ziviyə tapıntılarında olduğu kimi sadə və üçbucaqlarla cızılıb haşiyələrlə bəzədilmiş oyma oturacaqlı qırmızı və boz monoxrom gil məmulatı ilə təmsil olunur. Bundan əlavə bir neçə zərif, diqqətlə şüyrələnmiş Urartu tipli qırmızı keramika qalıqları da aşkar edilmişdir.Burada ağ daşdan hazırlanmış qaçan heyvan təsvirini stilizə edən Urartu tipli çökük silindrvari möhür də tapılmışdır. Silindrin asmaq üçün ilgəyi də var. Buradan sındırılmış daş blok üzərində Urartu kiitabəsi də aşkarlanmışdır. Mətndə Urartu hökmdarları İşpuini və Menuanın adları çəkilir.

    Makudan Cənub - Şərqdə, Ağçay çayı vadisində, Bastam kəndi yaxınlığında böyüklüyünə görə az qala Van qalası və Torpaqqala ilə müqayisə ediləcək qədər möhtəşəm və yaxşı qalmış qala aşkar edilmişdir. Bir qədər əvvəl bu rayondan aşkar edilmiş və hazırda Tehran Arxeolji Muzeyində saxlanılan kitabəsin sayəsində müəyyən edilmişdir ki, qala Urartu hökmdarı II Rusa (e.ə.685-645) dövründə tikilmişdir. Kitabədə "Rusanın kiçik şəhəri”nin Xaldi tanrısına həsr olunmuş məbədin tikintisi barədə məlumat verilir. Təpənin ətəyində qala ilə eyni dövrdə mövcud olmuş, yaşayş məskəni yerləşirdi. Tikili qalıqları göstərir ki, burada binalar daş bünövrələr üzərində çiy kərpicdən tikilmişdilər. Buradan üzərində silindrvari möhür izi və mixi yazı olan gil bulla tapılmışdır. Yaşayış məskəni də qala ilə eyni vaxtda məhv olmuşdur. V.Klayssa görə qala və yaşayış yerləri təxminən e.ə. 600-cü ildə məhv edilmişdir.

    Mixi yazılı mənbələrdən də bəlli olduğu kimi, e.ə.I minilliyin əvvəlində Güney Azərbaycan ərazisində Assuriya ilə mübarizə aparan bir neçə çarlıq var idi. Burada ayrı - ayrı çarlıqların birləşməsi prosesi gedirdi və bunun sayəsində onlar Assur işğalçılarına qarşı uzun müddət mübarizə apara bilirdilər.

    Assuriya qaynaqlarında Urmiyaboyu ərazinin Cənub hissəsi uzun müddət Zamua adı altında tanınır. İlk dəfə onun adı II Adadnerari (e.ə. 911-891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e.ə. IX əsrin əvvəllərində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlmişdi. Onun başında Daqara vilayətinin başçısı Nur - Adad dururdu. Daqara vilayəti Şimal - Şərq və Şərq ölkələrinin bir növ qapısı idi. Buna görə də Assuriya onun işğalına xüsusi maraq göstərirdi. E.ə.881-ci ildə Zamuanın üzərinə yeriyən II Aşşurnasirpal (e.ə.883-859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (E.Forrerə görə indiki Dərbəndi-i-Bazian) müdafiə divarı hörmüşdülər. Lakin onlar basqının qarşısını ala bilməmişlər və II Aşşurnasirpal Daqara ölkəsinin Birutu, Uze və Laqalaqa qalalarını ətraf məskənlərlə birgə işğal etmişdi. E.ə. 880-ci ildə Zamua əhalisi yenidən yürüş edən Aşşurnasirpal ordusu ilə mübarizə aparır. Bu zaman Zamua hökmdarı artıq Ameka idi. Qaynaqlar onu çar adlandırır və paytaxtınn da Zari şəhəri olduğunu göstərirlər. Amekanın çarlığında şəhər - qalalardan əlavə çar şəhərinin (Zamri) olması ələ keçirilmiş qənimətlərin də təsvirində özünü büruzə verir.

    II Aşşurnasirpal Zamua zonasında uzun müddət qaldığına görə burada düşərgə salır və Zamua ərazisinin ayrı - ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir. Assurlar Zamuanın işğal olunmuş hissəsində əyalət yaradır və daimi nəzrət yaratmaq üçün Dur - Aşşur qalasını inşa edirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya Mazamua adlandırırlar. Vilayətin digər hissəsinə isə Daxili Zamua (Zamua sa bitani) deyirdilər. Zamua vilayətinin tutulmasının assurlar üçün böyük əhəmiyyəti vardı. Çünki onlar məhz bu ərazidən istifadə edərək Şərqə yürüşlərini davam etdirirdilər.

    E.ə. IX əsrdə Urmiyayanı rayonun Qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e.ə. 890-894) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi. Aşşurnasirpalın Zamuaya yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş ölkələri ilə birlikdə assurlara bac verərək qarətləin qarşısını almışlar. Assurların bu ölkəyə tez - tez yürüş etmələri də Zamuanın Assuriya üçün nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərir.

    Gilzanı çarlar idarə edirdilər. Burada e.ə. IX əsrin I yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmdarlıq etmiş Asu e.ə. 856-cı ildə III Salmanasarın pişvazına "öz qardaşları və oğulları” ilə birgə çıxır. Bu isə sübut edir ki, Asu tayfa başçısı deyil, müstəqil hökmdar idi. IX əsrin axırlarında isə Gilzan güclü Urartu dövlətinin hücumlarına məruz qalır.

    Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfaların yaşadığı Mes/s/i (Misi,Misu) ölkəsinin böyük əhəmiyyəti vardı. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə birgə çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın Cənub qurtaracağında idi və sonralar bu vilayət də Mannaya tabe olaraq onun ərazisinə qatılmışdı.

    Urmiya gölü hövzəsində həmçinin Allarabia çarlığının da böyük əhəmiyyəti var idi. Allarabianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allarabianın qala şəhəri Şurdirranı və orada olan var dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allarabia dövründə Allarabia cəmiyyəti yüksək inkişaf səviyyəsinə çatmışdı.

    Mannanın Şərq sərhəddində "dağlıq diyar” adlandırılan Gizilbunda vilayəti yerləşirdi. Artıq e.ə. IX əsrin sonunda assurlar bu ölkədə olmuşdular.

    Zikertu əyaləti müasir Miyanə - Ərdəbil şəhərləri rayonu ərazisində lokalizə edilir. O, mənbələrdə Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannaların təyin etdiyi hökmdar dururdu. Zikertu vilayətinin baş şəhəri Parda idi.

    II Sarqonun hakimmiyyətinin III, VI və VIII illərində (e.ə. 719,716,715-ci illər) Mannada hökmdar Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edilir. II Sarqon üç möhkəmləndirilmiş qalayla birlikdə mərkəz şəhər Pardanı qarət etməsi haqqda da məlumat verir.

    Mannanın Şərq sərhəddlərində ən uzaq əyalət Qızılüzən çayının hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya vilayəti idi. Andiyanın adı ilk dəfə qoşunları Andiyaya gedib çıxmış III Salmanasarın hakimiyyətinin son dövrünə aid kitabədə çəkilir.

    Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (assurca Uisdis, urartuca Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna hakimləri dururdu. Uişdiş vilayəti Zikertu və Andiya vilayətləri ilə birgə Azanın hakimiyyəti dövründə mərkəzi hakimiyyətə qarşı çıxmışdı.

    Urmiyayanı hövzənin Şimal-Şərq hissəsində, Manna ilə Urartunun sərhədində Subi və Bari əyalətləri yerləşirdi. Bu əyalətlər vaxtaşırı gah Mannaya, gah da Urartuya tabe olurdu. II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş Tarun və Tarmagis qalalarını tikdirmişdi.

    Manna dövləti ərazisində olan bütün kiçik knyazlıqlar xarici düşmənə qarşı mübarizə apara bilmirdi və belə bir dövrdə onların artıq mərkəzləşdirilmiş dövlət ətrafında birləşdirilməsinin zamanı çatmışdı.


    Erkən mərkəzləşmə meylləri və farsdillilərin gəlişi

    E.ə. I minilliyin əvvəllərindən yazılı mənbələrin də təsdiq etdiyi kimi indiki Güney Azərbaycan ərazisində mərkəzləşmiş dövlət yaranması prosesi başlayır. Mixi yazılı mənbələrdən bizə müxtəlif tayfaların adları, daha güclü qonşularından asılı vəziyyətə düşüb tədricən qaynayıb - qarışan çoxlu xırda birliklər məlumdur. E.ə. IX əsrdən bu ərazidə Manna hökmdarlığı fərqlənməyə başlayır. Sonralar bu dövlət Güney Azərbaycanın demək olar ki, bütün ərazilərini öz tərkibində birləşdirdi, Assuriya və Urartunun işğalçılıq yürüşlərinə qarşı fəal mübarizə apardı.

    E.ə. I minilliyin əvvəllərini R.Girşman İran yaylası tarixində qaranlıq dövr adlandırır. E.ə. I minilliyin ilk əsrləri arxeoloji baxımdan müxtəlif mədəniyyətlərə məxsus ünsürlərin qaynayıb - qarışması, keramika və metal məmulatlarının hazırlanmasında yeni cizgilərin meydana çıxması ilə səciyyələnir. Yazılı mənbələrdə bu, əvvəllər burada yaşamış etnik qrupların dillərindən fərqlənən dildə meydana çıxmış şəxs adlarında və etnotoponimik adlarda öz əksini tapmışdır.

    Bütün bu dəyişikliklər e.ə. I minilliyin əvvəllərindən bu əraziyə sonrakı yüzilliklərdə əhəmiyyətli rol oynamağa başlamış müxtəlif etnik qrupların - farsdillilərin soxulması ilə əlaqədar idi.

    S.Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün farsdilli tayfaların İran yaylasına soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır. Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.

    Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmiya gölü ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E.A.Qrantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona farsdilli tayfaların Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran yaylasına doğru irəliləmələrini söyləməyə imkan verir.

    R.Girşmana görə farsdilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu Qafqazdan, Şərq qolu isə Orta Asiyadan gəlmişdir. Urmiyayanı hövzəyə onlar Qafqazdan gəlmişlər. Cənuba doğru irəliləyən qolu müqavimətə rast gələrək Qərbə doğru dönmüşdür. Lakin onların irəliləmələri burada da keçilməz Zaqroş silsiləsi və xeyli inkişaf etmiş yerli mədəniyyətlərin müqaviməti nəticəsində çətin olmuşdur.

    S.Qaşqay qeyd edir ki, yazılı məmbələrdə adı çəkilən farsdilli tayfaların lokalizəsi və e.ə. IX-VIII əsrlərə aid mixi yazılı mənbələrdə qeyd edilən bizi maraqlandıran ərazilərdəki onomastik materialların təhlili göstərir ki, Urmiyayanı hövzədəki əyalətlərdə və hətta bir qədər Cənuba və xeyli Şərqə doğru farsdilli tayfalar məskunlaşmamışdılar. Farsdilli tayfalar Manna dövlətinin əhatə etdiyi ərazilərdən xeyli uzaqda məskunlaşmışdılar və Urmiyayanı hövzəyə soxula bilməmişdilər. Hətta bəzi tədqiqatçıların söylədiyi kimi e.ə. I minilliyin əvvəllərini farsdilli köçərilərin Ön Asiyaya gəlmələrinin erkən tarixi kimi qəbul etsək də onların öz mühacirətlərinin erkən dövrlərində yerli türk mənşəli tayfalara (mannalar və digərlərinə)elə bir mühüm təsir göstərmələri ilə razılaşmaq olmaz.

    E.ə.IX əsrin ortalarından ta Midiya dövlətiın təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli türk əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi. Bu ərazidə sonradan Midiya dövləti qurulduqdan sonra və hətta XX əsrin əvvəllərinə qədər bu ərazilərdə fars ünsürü və fars dili əhəmiyyətli rol oynamadı.

    Şəxs adlarının və toponimlərin təhlili Manna dövləti əhalisinin (mannaların) türk mənşəli olduğunu sübut edib. Qiyasəddin Qeybullayev əsərlərində Manna etnonim, toponim və şəxs adlarının mənalarını tam və aydın şəkildə açaraq izah edə bilib. İqor Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək Cənub əyalətlərinin əhalisini kutilər və lulubilərin, Diyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassilərin varisləri hesab edir.


    Manna dövlətinin meydana gəlməsi

    E.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin - Manna dövlətinin meydana gəlməsi üçün zəmin hazırlayır. Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.

    Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi.

    Manna e.ə. III - II minilliklərdə bu regionda mövcud olmuş kutilər, lulubilər və kassilərin bilavasitə varisi idi.

    Mannanın adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843 - cü ildə III Salmanasar kitabəsində "Munna” formasında çəkilir. Adətən assurlar Mannanı "Manneylər ölkəsi”, Mannaş, urartulular isə Mana ölkəsi adlandırırdılar.

    S.Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Bəlkə də bu ad əvvəlcə Urmiyayanı tayfalardan birinə məxsus olmuş, sonralar mannalar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad bütün dövlətə şamil edilmişdir.

    III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüş təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta Munna ölkəsinə çatmışdılar. Lakin səlnamədə Manna dövlətinə yürüşdən və ya bac alınmasından bir kəlmə də bəhs edilmir. Görünür assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia ölkəsi üzərinə yerimişlər.

    E.ə. 829 - cu ilin mənbələrində Mannanın adı darmadağın edilmiş ölkələr sırasında çəkilir. III Salmanasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu yürüşlərdə Dayan - Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır:

    ”...Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız - hesabsız qaramalını və əmlakını taladım. Şəhərlərini viran qoydum, od vurub yandırdım.”

    Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, bac vermədi. Assurlar ancaq bac vermklə kifayətləndilər. III Salmanasarın dövründən başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adları və onların paytaxtı Zirta şəhərinin (sonrakı mənbələrdə bu şəhər İzirtu adlandırılır) adı çəkilir.

    Hökmdar Udakidən sonra e.ə. 737 - ci il yürüşləri ilə əlaqədar III Tiqlatpalasar və II Sarqonun e.ə. 718 - ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir. Solmaz Qaşqay qeyd edir ki, əgər hər iki kitabədə adı çəkilən İranzunun eyni adam olduğunu nəzərə alsaq deməli İranzu 20 ildən çox Mannada hakimiyyətdə olmuşdur. Bu məlumatlardan da görünür ki, Mannada hökmdarlıq təsisatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq etmiş Aza və Ullusunu İranzunun oğulları idilər. Assur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi.

    Tədqiqatçılar qeyd edirlər ki, materiallar Manna hökmdarlığının dövlət quruluşu haqqında aşağıdakı şəkildə təsəvvür yaradır. Dövlətin başında irsi hakimiyyət daşıyan hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Q.A.Melikişvili göstərir ki, hətta bu canişinlərin bəziləri irsi hakimiyyətə malik idilər.

    Mannada siyasi kursu dəyişdirmək üçün sui - qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi. Sui - qəsdlərin başında ya hökmdarların oğlanları, ya da qardaşları dururdu. Məsələn, Assur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatlarından görünür ki,Ullusunu "özünün böyükləri,ağsaqqalları,canişinləri...ağsaqqallar şurası” ilə birlikdə II Sarqonu qarşılamağa çıxmışdı.

    Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən idarə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri dövlətlərindən birinə çevrilməsinə şərait yaratmışdı. Mənbələrin məlumatlarına əsasən Manna dövlətinin möhkəmlənməsinin və qüdrətli bir dövlətə çevrilməsinin tarixini müəyyən qədər izləmək mümkündür.

    Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür ki, hökmdar İranzunun sələfləri və onun öz hakimiyyəti dövründə çatır. İranzunun sələflərinin adı bizə məlum deyil. Belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarları öz kitabələrində Manna hökmdarlarınn adlarını çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. Lakin həmin dövrdə Mannanın Urartuya hücuma keçməsi faktı Mannanın artıq gücləndiyini göstərir. Buna Assuriyanın Mannada hərbi əməliyyatlar aparmaması da şərait yaradırdı. Assur hökmdar III Tiqlatpalasar artıq Assuriyanı narahat etməyə başlayan Midiya dövləti ilə məşğul olurdu.

    İranzunun hakimiyyətinin son dövrlərində Mannanın mövqeyi bir qədər zəifləyir. İranzunun ölümündən (təqribən e.ə. 719 - 716) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başladı. Atası İranzunun siyasətni davam etdirən və Assur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi. Lakin o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlub edildi. Urartu ilə saziş bağlamış uişdişli Baqdatti və zikertulu Metatti Azanın əlehinə çıxdılar. Aza öz dövlətinin ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, ”çıxılmaz Uauş dağında” (Səhənd) möhkəmləndi, lakin düşmənləri yenə bilmədiyindən öldürüldü. Hakimiyyətə onun qardaşı Ullusunu gətirildi. (Mənbələrdə Ulussunun Urartu tərəfindən hakimiyyətə gətirildiyi və bunun qarşılığında da bir neçə Manna qalasının Urartuya verildiyi qeyd olunur)Assuriya əlbəttə ki, müttəfiq dövlətin itirilməsi ilə barışa bilməzdi. Ona görə də II Sarqon hakimiyyətinn 6, 7 və 8 - ci illərində Mannanın itirilmiş (Urartuya verilmiş) ərazilərinə yürüş edərək onları yenidən Mannaya tabe etdi. II Sarqonun kitabəsində qeyd olunur:

    ”...Uauş dağında, onlar Azanın meyidini atdıqları yerdə mən Baqdattinin (Azanın qatili) dərisini soydum və onu mannalara göstərdim.”

    Lakin bu dövrdə Ullusunu Assurla ittifaq göstərməkdən boyun qaçırdı. Buna görə də II Sarqon Mannanın paytaxtı İzirtu şəhərinə hücum edərək Zibia və Armait qalalarını ələ keçirdi.

    Mannadakı daxili çətinliklərdən istifadə edən Urartu hökmdarı I Rusa Mannanın 22 qalasını tutdu və Manna canişini Dayaukkunu Ullusunuya qarşı qaldırdı. E.A.Qrantsovski müəyyən etmişdir ki, digər canişinlərlə birgə qiyam edən Dayaukku Mannanın Missi vilayətinin hakimi idi.

    Manna dövləti e.ə. IX-VIII əsrlərdə

    Ullusunu çox ağır vəziyyətə düşmüşdü. O, Assurun himayəsindən qurtulmaq və Urartudan yardım almaq fikrindən daşınmalı oldu. II Sarqon onu bağışladı, ”bütün günahlarından keçdi” və Manna taxtında saxladı. Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi və Urartu ilə mübarizədə ona yardım etdi. II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müaviləyə əsasən Ullusunu özündən əvvəlki Manna hökmdrlarına nisbətən Assurdan müəyyən imtiyazlar aldı. Urartu koalisiyasının məğlubiyyətindən sonra II Sarqon Urmiya gölünün Şimal hissəsinə yürüşlərini davam etdirdi və Subi əyalətindəki bir çox qalaları, o cümlədən Sanqibutu əyalətindəki zəngin Ulxu şəhərini Urartudan alaraq Mannaya qaytardı.

    II Sarqon Mannanı müttəfiq dövlət adlandırır, Ullusunu ilə görüşərkən ona hədiyyələr verirdi. Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə o, Assurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Assur yaşayış məskənlərini də tutdu.Assur hökmdarı Sinaherrib (e.ə. 705 - 681) Mannaya yürüş etməli oldu. Lakin bu hərbi yürüş o qədər də müvəffəqiyyətli keçməmiş və Sineharrib xərac almaqla kifayətlənmişdi.

    Mannanın növbəti hökmdarı Ahşerinin (Ahseri) adı Asarhaddonun (e.ə. 680 - 669) məlumatlarından birində çəkilir. Assurla mübarizədə Ahşeri "Manna ölkəsinin əyalətlərində yerləşən kimmerlərin, skiflərin və sakların" yardımından istifadə edirdi. Asarhaddon özünü "Mannalar ölkəsinin əhalisini, ram edilməyən kutiləri pərən - pərən salan, onları xilas edə bilməyən müttəfiq - skif İşpakanın qoşununu qılıncdan keçirən” kimi qələmə versə də Manna ona tabe olmamışdı.

    Assur tanrısının orakulunda verilən sorğularda Asarhaddon addımbaşı soruşur ki, atlar və qoşunla birlikdə assur rəisləri Midiya ölkəsindən xərac almağa gedəndə mannalar onun xərac toplayanlarına hücum edəcəklərmi.

    Ahşerinin dövründə madaylar Assur əlehinə üsyan qaldırdıqda mannalar onlarla birgə çıxış edirdilər. Güman edildiyi kimi Kaştaritinin başçılıq etdiyi madayların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.

    Ahşeri Aşşurbanapalın (e.ə. 669 - 627) daha güclü təzyiqinin sınağından keçməli oldu. Həmin dövrdə Manna şübhəsiz, Assurdan o qədər də gücsüz deyildi. Əvvəlcə Aşşurbanapal sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Assur qalalarının qaytarılmasına çalışdı. Orakula müraciətində Aşşurbanapal soruşur:

    ”xocalərin rəisi Nabuşarrunusur adamlar, atlar və Assur hökmdarı Aşşurbanapalın hərbi qüvvələri ilə (birlikdə) mannaların tutduqları Assuur qalalarını (qaytarmaq üçün getməyə yğışır); (əgər o getsə), istər hər hansı bir insan hiyləgrliyi , istər xeyirxah sözlə, istər (dostluq) müqaviləsi ilə... nə yolla olursa - olsun bu qalaları o qaytaracaqmı, sənin böyük tanrılığına məlumdur.”

    Lakin Assur torpaqlarsülhlə qaytarlmadı. Manna və Assur arasında döyüş oldu və Manna məğlub edildi. "saysız - hesabsız kiçik yaşayış məskənləri ilə birlikdə səkkiz möhkəmləndirilmiş şəhər Ayusiaş, Sixua, Naziniri, Paşa(...)su, Busutu, Aşdiaş, Urkiyamun, o cümlədən Urmeyate, Uzbia qalalarını və paytaxt İzirtunu əhatə edən yaşayış məskənləri” talandı və yandırıldı.

    Bu məğlubiyyətdən sonra mannalar Ahşerinin əlehinə çıxdılar. Mənbələrin məlumatna görə ölkə əhalisi (assur dilində - nise mati) onun meyidini öz şəhərinin küçəsinə tullayıb cəsədini sürütlədilər. Onun qardaşlarını, ailəsini, nəslini qılıncdan keçirdilər.

    İqor Dyakonov bu üsyanı istismarçılar (assurlar) əlehinə yönəldilmiş üsyan hesab edir. İqrar Əliyev üsyanın səbəbini hökmdar hakimiyyətinin despotik idarəyə çevrilməsində görür. Q.A.Melikişvli hesab edir ki, narazılığa "Manna hökmdarlarının skiflər və kimmerlərlə ittfaqa aludəçilyi” və sonuncuların Manna torpaqlarına məskunlaşması olmuşdu. Solmaz Qaşqay qeyd edir ki, nəzərə alsaq ki, üsyan məğlubiyyətdən dərhal sonra baş vermişdi, üsyan torpaqlarını itirən torpaq sahiblərinin narazılığı nəticəsində də baş verə bilrdi və yəqin ki, assur kitabəsindəki "nise mati" ifadəsi də bu cür torpaq sahiblərini nəzərdə tutur.

    Görünür ölkədəki bu üsyan daxili idarəetmə üzündən deyil, məhz Ahşerinin xarici siyasətinə qarşı baş vermişdi. Çünki, Aşşurbanapalın Ahşerinin bütün nəslinin qılıncdan keçirilməsi barədəki məlumatının əksinə olaraq Ahşeri öz oğlu Ualli ilə əvəz olunmuşdu. Ahşerinin əlehdarları Assurla ittifaq tərəfdarları idilər və üsyan da Assurun köməyi olmadan hazırlana bilməzdi.

    Ahşerinin oğlu Ualli Assurun qələbəsini etiraf etdi, assurların iddia etdikləri xəracı ödədi və əlavə olaraq 30 at da verdi. O, oğlu Erisini və qızını da hökmdara girov göndərdi. Buna cavab olaraq isə Aşşurbanapal Mannaya öz sülh elçisini göndərdi.

    E.ə. I minillik Ön Asiya xəritəsində Manna dövləti

    Manna dövlətinin adı çəkilən mixi yazılı kitabələrdə göstərilir ki, o, e.ə. 616 - cı ildə Assurun Babillə son müharibəsinə kimi Assurun müttəfiqi olaraq qalmaqda idi. Gedd səlnaməsi məlumat verir ki, Assuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar (e.ə. ? - 605) Assur əyanları və onlara köməyə gələn mannaları əsir aldı.

    Assuru qəti olaraq məğlubiyyətə uğradan madaylar Yaxın Şərqdə rəqabətsiz qüdrətli bir dövlətin əsasını qoydular. Madaylar Manna dövlətini çox güman ki, e.ə. 615 - 610-cu illər arasında darmadağın etmişlər. Lakin hələ bir müddət Midiyadan asılı olsa da Manna varlığını qoruyub saxlayırdı.

    Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. İeremiya kitabında Urartu dövləti, Manna və skiflər e.ə. 593 - cü ildə madaylarla birlikdə Babil əlehinə çıxışa çağırlırlar.

    Manna-Urartu münasibətləri

    Qərb sərhədlərində yerləşən Urartu Mannanın təhlükəli qonşusu idi. E.ə. IX əsrin sonlarından başlayaraq Urartu hökmdarlarının mixi yazılı kitabələri və səlnamələri meydana çıxır. Həmin mənbələrdən Manna tarixinə dair Assur mənbələrinin üstündən sükutla keçdikləri müəyyən məlumatlar əldə etmək mümkün oldu. Onlar Urmiyanı əyalətlər barədə də əlavə məlumatlar verir.

    Minua (e.ə. 810 - 781) dövründən başlayaraq Urartu hökmdarları Manna ölkəsinin adını çəkir və ora yürüşlərə başlayırlar. Əvvəllər assurlarda olduğu kimi urartuluların dayürüşləri şəhərlərin talanması və qarətçilik xarakteri daşıyırdı.

    ”Haldi tanrısının qüdrətilə İşpuininin oğlu Minua deyir: mən Manna ölkəsinin əlehinə yönəldikdə bu ölkəni dağıtdım və oda qaladım”

    Zəfər məlumatlarında ölkənin işğalı və ya onun üzərinə xərac qoyulması göstərilmir. Sonralar Mianduab yaxınlığındakı Daştəpə qayaüstü yazılarından aydın oldu ki, Minua bu rayonda özünə dayaq məntəqəsi rolu oynayan hansısa bir qala tikdirmiş, sonra isə Meişta şəhərini və Manna ölkəsini işğal etmişdir. İşğal edilmiş ərazilrdə o öz əsgərlərini saxlayırdı.

    "Haldi tanrısının əzəmətilə İşpuininin oğlu Minua bu qalanı tikdirdi. O, Meişta şəhərini ələ keçirdi, oradan Manna ölkəsini işğal etdi, orada...piyada döyüşçülər saxladı.”

    Urartuluların Mannaya yürüşləri Minuanın oğlu I Argişti (e.ə. 786 - 764) və I Argiştinin oğlu II Sarduri dövründə (e.ə. 760 - 730) müntəzəm şəkil aldı. Məhz həmin dövrlərdə Urmiyayanı hövzənin işğalı urartuluların diqqət mərkəzində oldu. Öz hakimiyyətinin VII ilindən başlayaraq XIII ilinədək, hökmdar I Argişti hər il Urmiya gölündən Cənubdakı ərazilərə hərbi yürüşlər edirdi. Buştu əyalətinə hərbi yürüş urartlulular tərəfindən Mannaya qarşı hərbi yürüş kimi qiymətləndirilir. Sonralar Urartu dövlətinin zəiflədiyi dövrdə Manna bu torpaqlar yenidən geri qytarır. Aşşurbanipalın kitabəsində Manna tərəfindən tutulmuş ərazilər sırasında Bustu qalasının da adı çəkilir.

    E.ə. 776 - 775-ci illərdə görünür, Manna özü hücuma keçir və Urartunu təhdid edir. Bunu I Argiştinin kitabəsi də təsdiqləyir. Kitabədə hücuma keçən Manna ordusunun məğlub edilməsindən bəhs olunur.

    E.ə. 774 - cü ildən başlayaraq Manna və Urartu arasında mübarizə Urmiya gölünün Şimalına keçir. Öz hakimiyyətinin 13 - cü ilində I Argişti Manna və Cənubi Qafqazda yerləşən Etiuni əyalətinə qarşı iki hərbi yürüş edir. II Sarduri də bu rayon ərazisində müharibələr aparır. O, Mannaya yürüşü, möhkəmləndirilmiş narınqalası olan Darba qalsını tutması haqqında məlumat verir. II Sarduri ələ keçirdiyi əyaləti öz ölkəsinə birləşdirir. II Sardurinin kitabəsində Puluadı əyalətinə də yürüşdən bəhs olunur. Kitabədə Puluadi dağlıq ölkəsinin hökmdarı Kadiau üzərində qələbədən, 21 qalanın, 45 şəhərin və o cümlədən Libliuni "hökmdar şəhəri”nin tutulmasından da bəhs olunur. Səlnamədə həmçinin göstərilir ki, II Sarduri düşmən ölkəsini nəzarətdə saxlamaq üçün öz qalalarını da saldırdı.

    Lakin tezliklə vəziyyət Mannanın xeyrinə dəyişir. Birləşmiş Assur və Manna ordusu tərəfindən darmadağın edildikdən sonra Urartu görünür bir müddət heç bir təhlükə təşkil etmirdi. Manna belə şəraitdə öz sərhədlərini genişləndirə bilərdi. Zikertu, Andiya və Gizilbunda əyalətləri də bu dövrdə Mannaya tabe edildi. Urartu tərəfindən ələ keçirilmiş Uişdiş, Subi, Sanqibutu əyalətləri qaytarıldı.

    I Rusanın oğlu II Argiştinin dövründə Urartunun Manna tirpaqlarına yürüşləri bərpa olundu. Bunu Savalan dağının Cənub yamacındakı iki qayaüstü kitabə də sübut edir. Kitabələrdə Arxu əyalətinə hərbi yürüşdən, çaya qədər Uşulu və Buku ölələrinin işğalından bəhs olunur.

    Mannada din

    Qədim dövrün müxtəlif xalqlarının mənəvi mədəniyyətində dini etiqadlar və ayinlərin icrası xüsusi yer tutur. Əhalinin dini etiqadları ilə tanışlıq onun mədəniyyət və incəsənətini, onun dünyagörüşünün inkişafını anlamaq üçün zəruridir.

    Mannada əhalinin dini etiqadları haqqında qaynaqlarda məlumatlar olduqca məhduddur. Bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin sitayiş etdikləri tanrıların adları çəkilmir, məbədlərin adları göstərilmir. Əldə olan məlumatlardan belə anlamaq olur ki, mannaların şəhərlərində məbədlər var imiş və həmin məbədlərdə tanrıların heykəlləri qoyulubmuş. Deməlİ mannalar politeist olmuşlar. II Aşşurnasirpal Zamuadan alınan qənimətlərin sırasında bütlərin də olduğunu göstərir. Həsənlidə aparılan arxeoloji qazıntılar zamanı tədqiqatçıların məbəd hesab etdikləri binanın qalıqları və üzəri mifik təsvirlərlə bəzədilmiş qızıl cam aşkarlanmışdır. Camın ayinlərin iibadəti zamanı istifadə olunduğu göstərilir.

    Mannada həmçinin dirilik ağacına ibadətin də geniş yayıldığı müəyyən edilmişdir. Dirilik ağacına sitayiş Yaxın Şərqdə geniş yayılmış motivdir. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi ideyasını və axirətə inamı təcəssüm etdirir. İnsan sağlığında nədən istifadə edirdisə, ölüncə də axirətdə istifadə etməsi üçün həmin əşyalarla birgə dəfn edilirdi.

    Category: YADDAŞ | Added by: roppi
    Views: 1351 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız