F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » YADDAŞ

    Bakı Dövlət Universiteti
    2010-10-14, 2:28 AM
    Yaranma tarixi
    Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.
    Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.
    Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. Ikinci Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət universitetinin bazasında yaradılmışdır.
    1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.
    Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir.
    Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar.
    Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.
    Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.
    Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.
    Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.
    Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.
    Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.
    Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.
    Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman - sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

    Fakültə və İnstitutları

    Fakültələri
    1. Mexanika-riyaziyyat fakültəsi
    2. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
    3. Fizika fakültəsi
    4. Kimya fakültəsi
    5. Biologiya fakültəsi
    6. Coğrafiya fakültəsi
    7. Geologiya fakültəsi
    8. Filologiya fakültəsi
    9. Tarix fakültəsi
    10.Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsi
    11.Hüquq fakültəsi
    12.Jurnalistika fakültəsi
    13.Kitabxanaşünaslıq-informasiya fakültəsi
    14.Şərqşünaslıq fakültəsi
    15.İlahiyyat fakültəsi
    16.Sosial elmlər və psixologiya fakültəsi

    İnstitutları

    1.Tətbiqi riyaziyyat elmi-tədqiqat institutu
    2.Fizika problemləri elmi-tədqiqat institutu
    Rektor və prorektorları

    Rektorları
    Vasili Razumovski (ilk rektor - 1919-1920)
    Tağı Şahbazi Simurğ (1926-1929)
    Bala bəy Həsənbəyov (?-1937)
    Şəfaət Mehdiyev (?-?)
    Murtuz Ələsgərov (1993-1996)
    Misir Mərdanov (1997-1998)
    Abel Məhərrəmov (1999-bu günə qədər)

    Prorektorları
    Tədris işləri üzrə prorektor: Vüsət Əmir oğlu Əfəndiyev
    Elmi işlər üzrə prorektor: İsmayıl Əhmədəli oğlu Əliyev
    Beynəlxalq əlaqələr üzrə prorektor: Nərgiz Arif qızı Paşayeva
    Qiyabi və əlavə təhsil üzrə prorektor: Babayev Şıxbaba oğlu Məcnun
    Humanitar məsələlər üzrə prorektor: Vaqif Rza oğlu İbrahimov
    İnzibati təsərrüfat işləri üzrə prorektor: Nəbi Əhməd oğlu Ramazanlı

    Mərkəzləri
    Amerikaşünaslıq mərkəzi
    Nano araşdırmalar mərkəzi
    Elektron tədris mərkəzi
    İnformasiya texnologiyaları mərkəzi
    Universitetin tanınmış məzunları
    Heydər Əliyev - (1952-1957 Tarix fakültəsi) - AKP MK-nin I katibi (1969-1982), Azərbaycan Respublikası prezidenti (1993-2003)
    Əbülfəz Elçibəy - (1957-1962 Şərqşünaslıq fakültəsi) - Azərbaycan Respublikası prezidenti (1992-1993)
    Yusif Məmmədəliyev
    Həsən Əliyev
    Bəxtiyar Vahabzadə
    Azad Mirzəcanzadə
    Nəsir İmanquliyev
    Məcid Rəsulov
    Tofiq Köçərli
    Mir Cəlal Paşayev
    Məmməd Cəfər Cəfərov
    Fəraməz Maqsudov
    Ziya Bünyadov
    Aida İmanquliyeva
    Həsən Abdullayev
    Xudu Məmmədov
    Əşrəf Hüseynov
    Musa Əliyev
    Əli Quliyev
    Bəkir Çobanzadə
    Heydər Hüseynov
    Murtuza Nağıyev
    Şəfayət Meydiyev
    Həmid Araslı
    İbrahim İbrahimov
    İqrar Əliyev
    Mirəli Qaşqay
    Category: YADDAŞ | Added by: LaZa | Tags: Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovet
    Views: 1119 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız