F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Məqalə

    BÖYÜK MİSSİYA
    2010-10-15, 0:59 AM
         
       "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik".

    Heydər ƏLİYEV
    10 oktyabr 1993-cü il (Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində nitqindən)
     

      Şəxsiyyətin tarixdə rolu həqiqətən böyük və son dərəcə məsuliyyətlidir. Öz fikirləri və əməlləri ilə, gündəlik gərgin əməyi ilə təkcə öz ölkəsinin, öz xalqının işıqlı gələcəyini yaratmaqla kifayətlənməyib, ümumplanetar təfəkkür sahibləri kimi bütün dünyanın, bütün xalqların rifahı naminə çalışan böyük bəşər övladlarının həyat yolu bu postulatı təsdiq edir. Bu, taleyin, Fəhmin müəyyən etdiyi böyük missiyadır. Bu, Allahın sevimli bəndələrinin nəsibi olan böyük şərəfdir.
        Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü məhz belə insanlardan birinin – müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin adı ilə bağlıdır.
    Əlbəttə, o, ilk növbədə öz Vətəninə, öz xalqına xidmət edirdi, çünki ondan ötrü bundan daha yüksək amal yox idi. Onun fəal vətəndaşlıq mövqeyi, sözün həqiqi mənasında titanik əməyi təkcə tarixin kəşməkəşlərində deyil, həm də qədirbilən xalqın əbədi yaddaşında silinməz izlər qoymuşdur.
         "Bu insan tarixi yaradırdı. O, böyük milli qəhrəmandır. O, dünyanın bir sıra ölkələrinin rəhbərlərini çox cəhətdən üstələyir. Heydər Əliyev təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, həm də Rusiya üçün, bütün Sovetlər İttifaqı və ucsuz-bucaqsız bir məkanda məskunlaşan xalqlar üçün çox iş görmüşdür. O, ölkəni qurub-yaradan, dövləti yaradan və möhkəmləndirən ən böyük insanlardan biri idi. Ona görə də bu səviyyəli şəxsiyyətlərə hörmət və ehtiramla yanaşmaq lazımdır”. Bu sözlər rusiyalı məşhur kinorejissor, Azərbaycanın ümummilli liderinin taleyindən bəhs edən, bütöv bir dövrü əks etdirən genişmiqyaslı sənət əsərinə çevrilmiş "Hakimiyyət yükü” adlı sənədli filmin müəllifi Andrey Konçalovskiyə məxsusdur.
         Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəni tarixin ən mürəkkəb sınaqlarından uğurla çıxarmış, Azərbaycan dövlətinin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuşdur. O, təkcə rəhbər deyildi, o, sözün ən yüksək mənasında millət atası idi. Heydər Əliyevin quruculuq siyasətinin izlərinə ölkəmizin müxtəlif regionlarının hər bir guşəsində rast gəlmək olar.
         Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyevə münasibətini belə ifadə etmişdir: "O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Heydər Əliyevin böyüklüyü Azərbaycanın çərçivəsindən çox-çox kənara çıxır. Açığını deməliyəm, Azərbaycanın çox bəxti gətirib ki, bu dövlətə Avropa və dünya miqyasında tanınmış siyasətçi başçılıq edirdi. O, bir tərəfdən beynəlmiləlçi, digər tərəfdən böyük vətənpərvər idi”.
    Heydər Əliyev gələcəyi görməklə, onu planlaşdırmaqla yanaşı, həm də öz niyyətlərini həyata keçirirdi. Bu baxımdan, uzun illər L.Brejnevin və M.Qorbaçovun şəxsi mühafizə dəstəsinin rəhbəri olmuş Vladimir Medvedevin fikirləri çox maraqlıdır: "Mənə belə gəlir ki, o vaxt Moskvada topladığı təcrübə Heydər Əliyevin artıq müstəqil Azərbaycanda həyata keçirməyə başladığı möhtəşəm layihələrin konsepsiyası üçün əsas olmuşdur.
    Şimal-Cənub, Qərb-Şərq, indiki TRASEKA kimi yeni strateji nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri barədə ideyalar, bəlkə də, məhz həmin dövrdə yaranmışdır. Yeri gəlmişkən, indi bu layihələr Xəzərin neft ehtiyatlarına uyğun olaraq inkişaf etdirilir, həmin ehtiyatlar isə vaxtilə sovet mütəxəssisləri tərəfindən kəşf edilmişdir və Əliyev həmin mütəxəssislərlə yaxşı tanış idi. Dəqiq deyə bilmərəm, lakin bəzən mənə elə gəlir ki, Əliyev hələ o vaxt özünün bəzi xəyallarında Azərbaycanın müstəqil inkişaf etməsinin mümkünlüyünü nəinki istisna etmir, hətta müəyyən mənada bu inkişafı planlaşdırırdı”.
    Sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində əsas xidmətlərindən biri həmin illərdə neft maşınqayırması kompleksinin modernləşdirilməsi, texnoloji baxımdan yeni istehsal sahələri olan kondisionerlər zavodunun, radioelektronika, dərin özüllər, "Ulduz”, "Azon” zavodlarının, "Nord” istehsalat birliyinin, Sumqayıt kimya kombinatının və bir sıra başqa obyektlərin yaradılması olmuşdur. Elə həmin dövrdə neft emalı sənayesi də sürətlə inkişaf edir. Bir sözlə, o, suveren Azərbaycanın qurulması üçün maddi, texniki, iqtisadi zəmin yaradırdı.
    Postsovet dövründə Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşəndə Heydər Əliyev xalqın təkidi ilə yenidən böyük siyasətə qayıdır. Onun rəhbərliyi altında ölkəmiz qısa bir müddətdə 22 beynəlxalq neft müqaviləsinin imzalanmasına nail olur.
    Heydər Əliyev atəşkəsə nail olmaqla, neft müqavilələri bağlamaqla, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında bütün həqiqəti dünyanın ən nüfuzlu dövlətlərinə çatdırmaqla, təkcə MDB ölkələri və Avropa İttifaqı dövlətləri ilə deyil, bütövlükdə dünya birliyi ilə yeni qarşılıqlı münasibətlərin təməlini qoymuşdur.
    Məhz Heydər Əliyev dünyanın maliyyə elitasını Bakı-Tbilisi-Ceyhan layihəsinin bu region üçün və bütövlükdə Avropa üçün zəruri olmasına inandırmağa müvəffəq olmuşdur. Bu neft kəmərinə və Ceyhan terminalına Heydər Əliyevin adının verilməsi barədə Türkiyə və Azərbaycan hökumətlərinin qərarı Azərbaycan torpağının bu böyük oğlunun türk dünyası qarşısında xidmətlərinə ehtiramın əlamətidir.
    Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın aşağıdakı sözləri buna əyani sübutdur: "Bu dahi şəxsiyyət Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirilməsi üçün çox çalışırdı. Türkiyə-Azərbaycan münasibətləri elə möhkəm təməl üzərində qurulmuşdur ki, bunu heç bir qüvvə sarsıda bilməz”.
    Deyirlər ki, dağın nəhəngliyi uzaqdan baxanda görünür. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dediyi kimi, "Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir”.
    Heydər Əliyev dahi şəxsiyyət və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də çox cəsarətli, qorxu hissinin nə demək olduğunu bilməyən insan idi. Onun Vyetnama səfəri ilə əlaqədar hazırlıq işlərinə rəhbərlik etmiş Vladimir Medvedevin xatirələrində bu barədə deyilir: "Poladəritmə zavodunda köhnə marten sobalarının yaxınlığındakı metal qırıntıları arasında mərmi gilizləri aşkar etdim. Vyetnamlılar bu gilizləri oradan götürməkdən imtina edərək məni inandırırdılar ki, bu gilizlər partlamaz... Mənim xahişimlə bir çayın sahilində bərəyə getmək üçün körpü tikildi, səfər marşrutlarından birini dəyişdik və sair. Heydər Əliyev gələndə mən gilizlər haqqında ona məruzə etdim və dedim ki, zavoda getməkdən imtina etmək olmazmı? Olmaz, - deyə cavab verdi, - orada bizi gözləyirlər, getmək lazımdır”.
    Yaxud başqa bir misal. Heydər Əliyev Norveçdə səfərdə olarkən tufanlı havada dənizdə neft çıxarılmasını müşahidə etməyə gələrkən ona xəbərdarlıq etmişdilər ki, belə havada dənizə çıxmaq olmaz. Heydər Əliyev orada neftçilərin olub-olmaması ilə maraqlanmış, müsbət cavab alandan sonra demişdi: "Mən də onlardan biri olaram”.
    Daha bir epizod. Azərbaycan Prezidenti hərbi məktəbin kursantları qarşısında çıxış edir. Bu vaxt o, yıxılır, qalxır, nitqini davam etdirir və yenə yıxılır. Onun yeddi qabırğası sınmışdı, lakin qarşısında gənc zabitlər əyləşən Ali baş komandan bu məqamda zəiflik göstərə bilməzdi... Şəxsiyyətin gücü bəzən bütün ölkə üçün taleyüklü rol oynayır. Heydər Əliyev əsl kişinin qaçılmaz vəziyyətlərdə özünü necə aparmalı olduğunu şəxsi nümunəsində göstərdi. O vaxt o, ölümə qalib gəldi.
    Bu il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ölkəmizdə geniş qeyd edilir. Bu yubiley münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: "Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş günü kimi yazmışdır”.
    Azərbaycanda çox rəhbərlər olmuşdur, lakin ümummilli lider kimi tanınmaq yalnız Heydər Əliyevə nəsib olmuşdur, çünki onun Azərbaycan üçün gördüyü işlər və bunların əhəmiyyəti ölçüyəgəlməzdir, bu rol yalnız Mustafa Kamal Atatürkün Türkiyə üçün, Şarl de Qollun Fransa üçün oynadığı rol ilə müqayisə edilə bilər.


    Material AzerTag saytından götürülüb...
    Category: Məqalə | Added by: LaZa | Tags: Azərbaycan dövlətçiliyinin banisi H
    Views: 723 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız